Close

Nəriman Həsənzadə: "İnanıram, çünki Heydər Əliyev idealla gəlir" - MÜSAHİBƏ

Azərbaycanın xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli, akademik Nəriman Həsənzadənin TNS-ə müsahibəsi.

Anam şeir yazdığımı biləndə sevinmədi, ağladı. Şair olmağımı istəmirdi. Şair olmayım deyə dua da yazdırıbmış. Bəlkə də haqlıydı...

93 yaşlı qocaman şairimizlə evində, daha çox iş otağına bənzəyən otağında görüşürük. Böyük bir masanın başında əyləşib və önündə də kitablar, qələm, kağız...

Ayağı qalxmaması üçün etdiyim cəhd faydasız qalır... 

Əhvalının necə olduğunu soruşuram.

- Mütləq heç nə yoxdur, hər şey nisbidir. İşləyirəm, işə-gedib gəlirəm. Milli Aviasiya Akademiyasında kafedra müdiriyəm, kulturologiyadan (Dünya mədəniyyəti tarixi) dərs deyirəm.

Vaxtilə hörmətli rektorumuz Arif Paşayev (Milli Aviasiya Akademiyasının rektoru-red.) özü sifariş vermişdi. Mən də elə bilirdim ki, çox asandır. Sən demə, çox çətin imiş (gülür). "Kulturologiya" kitabını da Arif müəllimə ithaf etdim. Yazdığım kitabdan mühazirə oxuyuram.

nh1

Arif müəllim gözəl mühit yaradıb. Mənə görə, ən gözəl ali məktəb bizim akademiyadır. Gəlin, siz də görün o mühiti.

- Vaxtilə də ali məktəbdə dərs demisiniz. Yaxşıya doğru, ya əksinə fərqlər çoxdurmu?

- Bakı Dövlət Universitetində də dərs demişəm. Siz də bilirsiniz ki, zamanla hər şey dəyişir. Müsbət sözünü də nisbi işlədirəm. Hər halda, bizim nəsil başqa idi. Zəmanə dəyişdi, quruluş dəyişdi. Yəni, hər şey dəyişdi. Tələbə də, müəllim də. Karl Marks "Mühit şüuru müəyyən edir", - deyib.  Mühit başqadırsa, şüur da dəyişir. Dəyişmirsə, məğlub olursan.

- Mühitə uyğunlaşmaq necə bəs?

- Uyğunlaşmaq sözü də nisbidir. Elə şey var ki, uyğunlaşmaq olmur. Amma necə varamsa, o cür qala bilmərəm, çünki müasir insanam.

- O zaman hansı yolu seçirsiniz?

 - Halallıq, düzlük, paklıq yolunu.

- Şairlik Nəriman Həsənzadənin stixiyasıdır - o, təkcə şeirində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adi məişətdə də şairdir, yazanda, yazmayanda da şairdir - deyir professor Nizami Cəfərov...

- Şairin əlindən nə gəlir (gülür)? Allah əlimizdən almayıb, hələ də şeirimizi yazırıq.

Atam anamdan 39 yaş böyük olub

- Səhv etmirəmsə, ananız şair olacağınıza işarə vuran yuxu görüb...

- Anam o yuxudan sonra dua da yazdırıb ki, oğlum yazıqdır, şair olmasın. Şair olmağımı istəmirdi. Bəlkə də, yazıq qadın elə düz edirdi, istəmirdi. Şairlik çox çətinidr. Daim özündə olmursan. Bir mövzu bitir, o biri başlayır. Səndən asılı deyil. Gecələr yuxusuz qalırsan. Mürəkkəbdir, çətindir. Elə həyat özü də sadə deyil.

- İlk şeirinizi "Ağlaram" adlandırmısınız. Adətən, gənclər ilk dəfə sevgidən, təbiətdən daha çox yazırlar...

- Hə, "Ağlaram" adlı şeir yazmışdım. Molla Vəli Vidadinin "Ağlaram" şeirinə nəzirə idi.

Həyatım çətin idi. Anam tək qadın olub. Anamı atam üçün götürüb qaçıranda çox gənc olub. Anam xan nəslindəndir. O vaxt anamın əmilərini güllələyiblər, qardaşları hamısı 1920-ci ildə Qaraçöpə  (Gürcüstanda qəsəbə) qaçıblar. 

Qasım baba dediyim bir dayım qalmışdı. O da anamın xətrinə qalıb. Çoxlu sürüsü, var-dövləti olsa da, hamısı getdi...

Söhbətin bu yerində Nəriman müəllimin gözləri yol çəkir...

Onlar (Qaraçöpdə olan qohumları) mənim varlığımdan xəbər tutublar. Görüşmək istəyirik, görək, qismət...

O vaxt atam dəmir yolunda fəhlə işləyib, həmkarların sədri olub. Atam rəhmətə gedəndən sonra anam tək qaldı. Anam mənə görə hər şeyini qurban verdi. Ona heyfim gəlir. Həqiqətən başqa qadın idi (kövrəlir, gözləri dolur). Doğrudan da xan qızı idi.

Bayaq dedim, anam şair olmağımı istəmirdi. Bir gün gecə ona şeirimi oxuyanda anam "Allah məni öldürsün, deyəsən sənə vergi verilib" dedi və ağladı (kövrəlir, gözləri dolur). Heç yadımdan çıxmır. Sevinmək əvəzinə, ağlamışdı. Tək qadın idi, cavan idi. Atamla anamın arasında xeyli yaş fərqi olub. Atamın 62 yaşı olanda anamın 23 yaşı olub. Həyat çox mürəkkəbdir, qızım. İndi oturub çox şey demək olar. Amma həyat elə deyil axı. Çox çətinliklərlə böyüdüm.

"Nabat xalanın çörəyi" povestində yazmışam. Anamın yatdığı yadıma gəlmirdi. Nə vaxt dururdum ki, sacın kənarında oturub. Göydə bir dan ulduzu olurdu, yerdə də anam, sacın kənarında.

Məni saxlamalı idi. Heç kəsimiz yox idi.

Atadan olan bacı-qardaşlarım olub. Qardaşımın biri Qori Müəllimlər Seminariyasını bitirmişdi. O da durduq yerdə rəhmətə getdi.

Ata bacım Səriyyə mənə analıq etdi. Gəncədə onlarda qaldım, Pedaqoji İnstitutda oxudum. Bakıya gəldim. İstəyirdim ki, anamı da gətirəm, birlikdə yaşayaq, olmadı. Kiminsə yerinə hərbi xidmətə göndərirdilər. Özü də Rusiyaya.

Adamın kimsəsi olmayanda belə olur.

Səməd Vurğunun qəbuluna getdim, məni tanıyırdı. Hərbi xidmətimi Bakıya saldırdı. Bu da mənim üçün böyük bir hadisə oldu. S.Vurğun rəhmətə gedəndə xidmətdən gəldim, fəxri qaravulda durdum. Buna görə məni qubbağa da saldılar, formada gəlmişdim...

Yəni, həyatı çox mürəkkəb keçirmişəm, amma şikayət etmirəm, şikayətçi deyiləm.

Görünür, belə olmalı imiş. Mənim taleyim qəribədir. Sonra yoldaşımı da tez itirdim.

nh3

Nazim Hikmətlə qatarda qarşılaşdıq

- Belə bir deyim var ki, peyğəmbərlərdən sonra şairlər gəlir. Bəlkə çətinlik missiya ilə bağlıdır...

- Şairlik böyük məsuliyyətdir. Bizim xalqımız da şairə xüsusi qiymət verir.

- Həyatın qarşınıza çıxardığı yaxşı insanların rolunu vurğulayırsınız hər zaman. Onların rolu çox olub?

- Moskvada oxuyanda bir dəfə Xəlil Rza Ulutürklə birlikdə qatarla Bakıya gəlirdik. Yolda eşitdik ki, Nazim Hikmət də gəlir. Onun olduğu vaqona getdik, görüşdük. Dedilər ki, Bakı sovetinin sədri qonşu kupedə gedir. Həmin vaxt Nazim Hikmət gedib ondan mənim üçün ev verilməsini xahiş etdi. Bu, çox maraqlı bir təsadüfdür. Bakıya gəldik. Yazıçılar İttifaqının plenumu idi. Mən arxada oturmuşdum, Nazim Hikmət isə Rəyasət Heyətində. Oradan mənə əl elədi, soruşdu ki, sənə ev verdilər? Dedim ki, yox. Sonra evi verdilər. Aktrisa Münəvvər Kələntərlinin evini vermişdilər. Nazim Hikmət də gəlmişdi. Onunla bərabər çoxlu qonaqlar. Evdə də heç bir əşya yox. Qonşulardan stol gətirdik, oturdular. Allah rəhmət eləsin. Yaxşı insanların köməyini hər zaman görmüşəm.

Mir Cəlal Paşayevdən çox böyük qayğı görmüşəm. Mən hərbi xidmətdə olanda Yazıçılar İttifaqında poeziya günləri keçirilirdi. Əsgər şinelində gəlmişdim, şeir oxudum. Mir Cəlal müəllim öndə oturmuşdu, şeirim onun xoşuna gəlmişdi. Sonra mənə iki kitabını hədiyyə etdi. Durur o kitablar məndə. Tale var, mən taleyə inandım. Mir Cəlal müəllim oğlu Arif  Paşayevə aldığı evi mənə bağışladı. Həmin o ev durur. Arif  müəllim istəsə, bu saat o evi geri ala bilər.

nh5

- Nəriman müəllim, müxtəlif dövrlərin, tarixi hadisələrin canlı şahidi olmusunuz. Bu gün qazandığımız Zəfəri, Azərbaycanın uğurlarını görmək necə bir hissdir?

- Hamısı gözümün qarşısındadır. Görə-görə gəlirik.

Azərbaycan bu saat dünya miqyasında sayılan, tanınan dövlətdir.  Oğul "Mən atamın vəsiyyətini yerinə yetirmişəm", - dedi. Bu, tarixi hadisədir və hər oğula nəsib olmur.

Mən Ulu Öndər Heydər Əliyevi yaxşı tanıyıram. Pərəstiş etdiyim insanlardandır.

Heydər Əliyev şairi sevirdi. Mənə elə gəlir ki, O, özü də şeir yazırdı. Elə bilirəm ki, hardasa aktyor kimi də çıxış edib. Onun ürəyi incəsənətlə bağlı idi. 

O vaxt məni "Ədəbiyyat və incəsənət" qəzetinə baş redaktor qoydu. Sən demə, çoxunun gözü orada imiş. Ona görə mənim başım çox şeylər çəkdi...

Heydər Əliyevin köməyini hər zaman görmüşəm. Onun yaradıcı ziyalılara xüsuzi rəğbəti var idi. O mənada bizim bəxtimiz gətirdi. Heydər Əliyev təbiətən bizə doğma insan idi. Hər zaman da Onun doğmalığını hiss etmişəm, mənim nəslim bunu hiss edib. Nadir bir şəxsiyyət idi.

Vaqif poeziya günlərinə - Şuşaya getmişdik. Vaqif sovet şairi deyildi, amma Heydər Əliyev o dövrdə onun adına poeziya günləri keçirirdi. Nə qədər insan getmişdi o tədbirə...

Heydər Əliyev sanki özü də şairləşmişdi. Adamları adı ilə çağırırdı. Hamısını tanıyırdı. Qar yağırdı, amma biz o qarı hiss etmirdik. Çünki Heydər Əliyev yanımızda idi.

İlham Əliyev dünyanı Azərbaycana gətirir

- Bu yaxınlarda Qazaxın kəndlərini də qaytardılar...

- Hamısı Prezidentimiz İlham Əliyevin fəaliyyətidir. Türk dünyasında da, dünya miqyasında da yüksək yerdədir. Nə qədər tədbirlər keçirir. İlham Əliyev dünyanı Azərbaycana gətirir. Bunlar zarafat deyil.

- Nəriman müəllim, bu gün daha çox hansı həmkarlarınızla yaradıcılıq və ya gündəlik hadislərlə bağlı müzakirələr edirsiniz? Və ya sadəcə kimlərlə dərdləşirsiniz?

- Mənim gözəl qələm dostlarım olub. Məmməd Araz, Əli Kərim, çox idi. Hamısı getdi...

Qalanlarla zəngləşirik. 93 yaşım var, yaşıdlarımdan qalmayıb. Bizim gözəl şairlərimiz var idi. Tez getdilər...

nh4

- Şeirlərinizdə Cənubi Azərbaycan mövzuzu da var...

- Cənub mövzusu olmasa, olarmı? Mənim ulu babalarım da Zəncandan gəlib. Biz hamımız qarışığıq. O tərəf, bu tərəf  fərqi yoxdur. Təbrizdə, Tehranda olmuşam. Onlardan elə doğmalıq görmüşəm ki...

Ora Azərbaycan torpağıdır. Farslara dəxli yoxdur. 86 milyon əhalinin cəmi 12 milyonu farsdır. Necə olar ki, ora fars olsun? Azərbaycana divan tutublar. İndi İranda rəhbər vəzifələrdə demək olar ki, hamısı azərbaycanlılardır. Ancaq fars hakimiyyətinə xidmət edirlər. 

 XXl əsrdir. İranda insanı dar ağacından asırlar. Cənab Prezident o vaxt dedi ki, mən sizin daxili işinizə qarışmıram. Amma necə ola bilər ki, böyük bir xalqın ana dilində məktəbi yoxdur?

100 min erməninin bütün imkanları var.

Xalqımızın bütövləşəcəyinə də şübhə etmirəm

- Qarabağımızı qaytardıq. Gələcəkdə bütövləşəcəyimizə inamınız varmı? Güneyli, quzeyli Azərbaycan bir yerdə olacaqmı?

- İnanıram. Niyə? Çünki Heydər Əliyev gəlir. Balaca Heydər Əliyev idealla gəlir. O, Heydər Əliyevin adını yaşadacaq. Mən buna inanıram. Necə ki, Heydər Əliyev İlham Əliyevi yetişdirdi. İndi də Heydər Əliyev yetişir. İdella, arzuyla gəlir. O, Heydər Əliyevi tamamlayacaq. Bu gendən gəlmə bir şeydir. Onlara inanıram.

Heydər Əliyev Azərbaycanda təhsil aldı, xaricə getmədi. Tələbə dostlarının da hamısı azərbaycanlıdır. Bu, elə belə deyil.

Xalqımızın bütövləşəcəyinə də şübhə etmirəm. Çünki zorla nə qədər saxlamaq olar? İnsanı nə qədər dar ağacından asmaq olar?

- Mütaliə edə bilirsiniz? Nələri oxuyursunuz?

- Mütaliəsiz ölərəm. Özüm də mühazirə oxuyuram. Köhnə şey oxumuram ki... Russo, Volter,  Didro. Onlar yazçıdan ictimai mövzu, vətəndaşlıq tələb edirdilər. Amma indi hərə bir məhəbbət şeiri yazır, yaxud nəsə başqa bir şey. Danışan kimi o dəqiqə görürsən ki, bu yazıçının mütaliəsi yoxdur. Yazıçı, şair cəmiyyətin ən qabaqcıl üzvüdür, elə olmalıdır.

- 40 ilə yaxındır, həyat yoldaşınızı itirmisiniz. Sevginiz, sədaqətiniz bugünkü cəmiyyətimiz üçün bir örnək ola bilər...

- O mənim uşaqlıq dostum idi. Mən Gəncədə ali məktəbdə təhsil alanda o, 8-ci sinifdə oxuyurdu. O zaman xoşuma gələn qızlara baxmağa onu göndərərdim, gəlib hamısını pisləyirdi (gülür). Həyat dərkolunmazdır.

"Nabat xalanın çörəyi" ingiliscə çıxıb. Orada bir yer var, ingilislər onu Azərbaycan dilində, olduğu kimi veriblər. Həyat yoldaşım Sara ilə eyni evdə qalsaq da, görüşə şəhərə gedirdik. Özü də yolun başqa-başqa tərəfləri ilə. Bizi heç tanıyan da yox idi. Şəhərə gedirdik, uzaqdan o mənə baxırdı, mən ona.

Gecə saat 3-ə kimi evdə otururduq, ikimiz eyni evdə - qohum evində qalırdıq. Bir-birimizə sözümüzü ancaq məktubla yazırdıq.

Belə də şey olar? İndi desən, deyəcəklər, bu dəlidir. Abır-həya deyilən şey var idi. O hisslər müqəddəsdir. Bax, ingilislər həmin yeri Azərbaycan dilində verib.

Bir dəfə mənə sual verdilər ki, kişlər var, qadını döyür, necə baxırsınız? Mən deyirəm ki, o kişi qadını yox, öz taleyini döyür.

Qadın ilahi varlıqdır. Həyat yoldaşın varsa, heç kim səni batıra bilməz.

Birinci xanım Mehriban Əliyevaya baxın. Mən deyərdim ki, Prezidentimizə onun timsalında bir ordu xidmət edir.

- Kənardan baxanda həddən artıq sakit təbiətli, əsəbiləşməyən insan təsiri bağışlayırsınız...

- Zahirən eləyəm, ancaq adam içində çəkir... 

- Nəriman müəllim, sizcə, jurnalistlərə, yazçılara ev verilməlidirmi?

- İnsan bütün ömrünü həsr edir jurnalistikaya. Bunun da ev almağa haqqı var.

Bəzən, insanların elə adi işlərini mürəkkəbləşdirirlər ki...

Əli Həsənov var idi. Getdi. Bu sahədə işləri o qarışdırdı. Niyə evi olana təkrar ev verirlər? Evsiz olan nə etsin?

- Yazıçıların da ev almağı ilə bağlı müzakirələr olmuşdu...

- Belə şeylər hər zaman olub, olacaq da.

Yazçılar İttifaqının sədri Anar müəllim. Hamı elə bilir ki, Anar özünü çəkir. Anarın anası Nigar xanım Qacar nəslindədindir. Anar özünü çəkmir, quruluşu elədir, təbii halıdır, elə olmalıdır.

Onların da nəslini də sürgün ediblər. Rəfibəylilər şeiri yazmışam, çapa verəcəyəm. Elə şəhər yoxdur ki, orada Rəfibəylilər məzarı olmasın. Belə də şey olar?

- Memuar yazmaq fikriniz varmı?

 - Çox istərdim, amma hələ ki, vaxtım yoxdur, çatdıra bilmirəm.

- Nəriman müəllim, bu gün nələr, insanların hansı davranışları sizi təəccübləndirir?

- İstedadı hər zaman qısqanıblar. Təkəbbürlülük qədər insanı bədbəxt edən ikinci bir şey yoxdur. Hamı rəis olmaq istəyir, halbuki şəxsiyyət olmaq lazımdır.

Bəzən yazıçıların və s. müsahibələrinə qulaq asıram, televiziyada baxıram. Maraqlıdır ki, bu saat hamı fəlsəfi fikir söyləməyə çox meyillidir. Deyəsən, özündən razı adamlar bir az çoxalıb. Özündən razı qalmaqdan pis şey yoxdur. Belə baxıram, qəribə gəlir, çünki təkkəbbür insanı məhv edə bilər.

Televiziyada, telefonda baxıram. Cavan qızlar, oğlanlar bəzən elə fikirlər deyirlər ki... Durub onlara nəsə cavab versən, yox belə deyil, desən, söyərlər adamı. Heç kimi saymırlar. Mən kulturologiyadan dərs deyirəm. Bəzən gənclərimiz tarixi şəxsiyyətləri tanımayanda pis oluram. Amma ittiham etmirəm. Gənclik çağıdır, müəyyən çətinliklər olur.

Bizim Atropat kimi tarixi şəxsiyyətimiz olub. Cənubi Azərbaycanda dövlət qurub. O, Makedoniyalı İsgəndərlə yaxın olub. Makedoniyalı İsgəndərin köməkçisi Atropatın qızı ilə evlənib. Biz yunanlarla da qohumuq. Bu saat Makedoniyalı İsgəndərlə yanaşı, at belində Atropatın da heykəli qoyulmalıdır. Bir sözlə, bizim o qədər gözəl tariximiz var. Ürəyimdə bir pyes də var. Yaş da yaman yaxalayır.

- Söhbətimizin sonunda oxucularımıza nələri demək istərdiniz?

- Yaxşı vətənpərvər, torpağını sevən, pak gənclik yetişir.  Cəmiyyətdə mənfilər  hər zaman olub, olacaq da. Bəzən deyirlər ki, bizim vaxtımızda belə idi, elə idi. Doğru deyil, düz yol tutmayanlar hər zaman olub, olacaq da.

Mən Azərbaycanın gələcəyinə inanıram. O günü görəcək olanlara qibtə edirəm, mən də görmək istəyirəm (gülür). Allah Prezidentimizin canını sağlam eləsin.

O, elə bir istiqamət götürüb ki, gələcəyimiz çox gözəl olacaq.

- Müsahibə üçün təşəkkür edirik.

Aygün İbrahimli

TNS İnformasiya Agentliyi