Close

Nəriman Həsənzadə ilə görüş keçirildi

Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyi və 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, akademik Nəriman Həsənzadə ilə görüş keçirildi. Tədbir gedişatında gənclər mahnı ifa ediblər, Nəriman bəyin şeirlərini səsləndiriblər. Növbəti hissədə şair suallarımızı cavablandırıb.

-Nəriman bəy, xoş gəldiniz, necəsiniz?

Şükür, yaxşıyam, yaxşı olun. 

-Nəriman bəy, istərdim ki, qeyd edəsiniz. Sizə yaradıcılıq ruhu verən, ilham mənbəyiniz nədir?

Mənə ilham verən cəmiyyət, xalq və gənclərdir.

-Müsahibələrinizin birində "anam şair olmağımı istəmirdi" demisiniz və ona haqq qazandırmısınız. Bəs şair olmasaydınız, başqa hansı peşəyə sahib olmaq istərdiniz?

Mən indi Milli Aviasiya Akademiyasında müəlliməm. Əvvəldən bu işlə məşğul olmaq istəyərdim. 

-Nəriman bəy, sizcə, ədəbiyyatımızda əskiklik varmı? Varsa da, o nədir?

Artıq Mikayıl Müşfiq, Səməd Vurğun, Əhməd Cavad yoxdur. Onlar gedir, yeni nəsil gəlir. Bu həm də inkişafdır.

-Nəriman bəy, elə əsəriniz olub ki, onun daha çox oxunmasını və tanınmasını istəmisiniz? 

Bəli, hər bir yazıçının belə əsəri olur. Anama aid olan "Nabat xalanın çörəyi" əsərimin daha çox oxunmasını istəmişəm.

-Sevgiyə aid bütün əsərlərinizi həyat yoldaşınız Sara xanıma yazmısınız?

Xeyr, hamısı Sara xanıma aid deyil. Xanımımı itirəndən sonra ona ithafən daha çox şeir yazdım.

"Kaş yenə mən deyən illər olardı
Mən oldum bir yana, illər bir yana
Nə vaxt saçlarımı daradı, yaydı
Küləklər bir yana, əllər bir yana"

Bu şeirinizdə hansı illərin olmasını arzulamısınız?

Xoşbəxt olduğum bütün illəri.

Sonda Nəriman bəy özünün "Nərdivan" şeirini səsləndirib, imzalı kitablarını iştirakçılara bağışladı.

gorush-2

Mənbə: 24 Media.az