Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam olur
Hörmətli Nəriman müəllim,
Sizi 95 illik yubileyiniz münasibətilə AMEA Gəncə Bölməsinin əməkdaşları adından təbrik edirik.
Siz müasir Azərbaycan poeziyasının lirik-epik təfəkkürünü milli-tarixi yaddaşla üzvi şəkildə birləşdirən nadir sənətkarlardansınız. Yaradıcılığınızda dövlətçilik ideyası, azadlıq məfkurəsi və mənəvi məsuliyyət anlayışı poetik sistem halında təqdim olunur və bu, Sizi Azərbaycan ədəbi fikrinin aparıcı simalarından birinə çevirir. Elmi-fəlsəfi zəminə söykənən yaradıcılığınız poeziyamızın bədii-ideoloji inkişafında mühüm mərhələ təşkil edir.
Gəncə Sizin taleyinizdə və poeziyanızda sadəcə təhsil illərinin şəhəri deyil, mənəvi başlanğıcın, milli ruhun və ədəbi formalaşmanın məkanıdır. “İlk elçim, ilk şəhərim” deyə vəsf etdiyiniz Gəncə, yaradıcılığınızda həm Nizami irsinin işığı, həm Cavad xan qeyrətinin rəmzi, həm də Azərbaycançılıq düşüncəsinin poetik mərkəzi kimi yaşayır. Biz gəncəlilər üçün bu bağlılıq böyük qürur və məsuliyyətdir.
Sözünə sədaqətiniz, ədəbiyyata xidmətiniz və milli ruhun keşiyində dayanmağınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu ömrünüzün bu müdrik çağında Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq sevincləri və söz işığınızın daim yanar qalmasını arzulayırıq.
Dərin ehtiramla,
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev.
Mənbə: ameagb.az