Close

95 yaşını qeyd edən Xalq şairi: "Həm qəmginəm, həm sevincli"

Azərbaycanın görkəmli Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Nəriman Həsənzadə bu gün  95 illik yubileyini qeyd edir.

Bu münasibətilə Citypost.az  saytına açıqlama verən görkəmli şair bildirib ki, bu günlərdə onu təbrik edənlərin sayı çoxdur və hər birinə minnətdardır. O, keçirdiyi hissləri belə ifadə edib:“Zəng eləyən, maraqlanan, yazan hər kəsə təşəkkür edirəm. Həm sevincliyəm, həm də qəmginəm. Qəm mənim yol yoldaşımdır. Özümü bir qədər həm yaxşı, həm də səhhətimlə əlaqədar biraz pis hiss edirəm. Amma zəngləri gördükcə çalışıram ki, özümü daha yaxşı hiss edim”.

Qeyd edək ki, Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Filologiya təhsilini H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda alıb, daha sonra Moskvada Ali ədəbiyyat kurslarında və Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. 1965-ci ildə “Azərbaycan–Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.Uzun illər mətbuat və ədəbiyyat sahəsində məsul vəzifələrdə çalışıb, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, Mətbuat və İnformasiya nazirinin birinci müavini olub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasında kafedra müdiri, dosent kimi fəaliyyət göstərir.

2005-ci ildə “Xalq şairi” fəxri adına layiq görülüb, “Şərəf” (2011) və “İstiqlal” (2021) ordenləri ilə təltif edilib.Nəriman Həsənzadə müasir Azərbaycan poeziyasının aparıcı simalarındandır. Yaradıcılığında vətənpərvərlik, milli-mənəvi dəyərlər, tarixi yaddaş və insan taleyi əsas xətt təşkil edir. Onun lirik və epik poemaları geniş oxucu auditoriyası qazanıb. Şairin poeziyası emosional dərinliyi, publisistik ruhu və milli kimlik duyğusu ilə seçilir; əsərləri xarici ölkələrdə də nəşr olunaraq Azərbaycan ədəbiyyatını beynəlxalq müstəvidə təmsil edib.

Turan Etibaroğlu
City@Post