Xalq şairindən Prezidentə təşəkkür: Bu, mənim üçün böyük şərəfdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ölkənin ən ali təltiflərindən biri – “Heydər Əliyev” ordeni ilə təltif edib.
Xalq şairi Nəriman Həsənzadə bununla bağlı Citypost.az saytına açıqlama verib.
Xalq şairi bildirib ki, ahıl yaşında belə yüksək dövlət mükafatına layiq görülməsi onun üçün gözlənilməz və qürurvericidir:“Bu yaşımda ölkənin ən ali ordenlərindən biri ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu, gözlənilməz oldu. Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.”
Nəriman Həsənzadə vurğulayıb ki, dövlət başçısı dünyanın mürəkkəb və qarışıq bir dövründə həm ölkənin taleyini düşünür, həm də vətəndaşlara xüsusi diqqət göstərir:“Cənab Prezident bu gün həm ölkənin taleyi ilə bağlı mühüm qərarlar qəbul edir, həm də insanların taleyinə həssas yanaşır, hər kəsə diqqət göstərir. Buna görə də öz minnətdarlığımı ifadə edirəm.”
Qeyd edək ki, 95 illik yubileyini qeyd edən xalq şairi uzun illərdir Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayır və yaradıcılığı ilə ədəbi mühitdə xüsusi yer tutur.