Close

Sözün, Sevginin və Vəfanın Öz Adamı - Nəriman Həsənzadəyə sevgilərlə

“Getmə, bir az da qal. Sənin səsin mənə duadır…”

Bəzi insanlar dünyaya sadəcə yaşamaq üçün gəlmirlər. Onlar sözə nəfəs, sevgiyə məna, vəfaya isə ömür verirlər. Xalq şairi Nəriman Həsənzadə də belə insanlardan idi.

Sevginin və sözün öz adamı, əzizimiz Nəriman müəllimin bu dünyadan həqiqətin nuruna qovuşması, əbədi səadətə çatması bizi dərindən sarsıtdı.

Onun sonuncu ziyarətimizdəki baxışları, səsi, əlini əlimdən buraxmadan söylədiyi sözlər ömrümüzün sonuna qədər yaddaşımızdan silinməyəcək:

“Getmə, bir az da qal. Mənə sənin səsin duadır…”

Bu cümləni bir şairdən eşitmək bəlkə də sözün öz müqəddəsliyinə şahid olmaq idi. Nəriman müəllim səsdə duanı, sözdə sevgini, ayrılıqda isə vəfanın ağrısını görürdü.

Bəlkə də bu, onun bizə son xeyir-duası idi.

Nəriman müəllim təkcə sözün, şeirin, ədəbi mühitin öz adamı deyildi. O, həm də öz xalqının, öz dövlətinin və mənəvi dəyərlərinin adamı idi. Ömrü boyu insanlara, dostluğa, yaxşılığa və vəfaya sədaqətlə yanaşdı.

Onun dünyasında ana sevgisinin isə tamam başqa yeri vardı.

Anası onun yaddaşında sadəcə doğma bir insan deyil, həyatının ən müqəddəs ünvanlarından biri idi. Ana adı çəkiləndə şairin sözündə başqa bir kövrəklik duyulurdu. Çünki insanın ilk sevgisi, ilk duası, ilk sığınacağı olan ana onun yaddaşında zaman keçdikcə daha da böyüyür.

Nəriman müəllimin anasına bağlılığı onun xarakterinin ən incə cizgilərindən biri idi. O, ananın haqqını yalnız sözlə deyil, ömrünün yaddaşı ilə daşıyan insanlardan idi.

Bəlkə də onun sevgiyə bu qədər sədaqətlə yanaşmasının kökündə elə ana sevgisinin müqəddəsliyi dayanırdı.

Nəriman müəllimin sevgi dünyasında bir başqa müqəddəs ünvan da vardı — sevdiyi, aşiq olduğu xanım.

O, sevgini ötəri bir duyğu kimi yaşamırdı. Onun üçün sevgi insanın ömrünə yazılan bir əmanət idi. Sevdiyi qadına bağlılığında da bu sədaqət, bu dərinlik, illərə sığmayan bu məhəbbət duyulurdu.

Nəriman müəllim sevginin sadəcə şairi deyildi.

O, sevgini ömründə daşıyan şair idi.

Bəlkə də buna görə onun misralarında qadına, məhəbbətə, ayrılığa və həsrətə toxunan hər sözün arxasında yaşanmış bir ürək döyüntüsü hiss olunurdu.

Onun üçün sevmək — unutmamaq idi.

Sevmək — qorumaq idi.

Sevmək — illər keçsə də, ürəkdə həmin insan üçün işıqlı bir yer saxlamaq idi.

Vəfa isə bu sevginin ən böyük adı idi.

Nəriman müəllim vəfada da əsl nümunə idi.

Gəncliyində ona sahib çıxan, yolunu açan böyük şəxsiyyət Mir Cəlal Paşayevə ömrünün sonuna qədər böyük sevgi və ehtiram bəslədi. Bu, sadəcə minnətdarlıq deyildi. Bu, yaxşılığı unutmayan bir ürəyin sədaqəti idi.

Nəriman müəllimin bütün mənəvi dünyası görünürdü: yaxşılığı unutmamaq, dünyadan köçənləri dua ilə yad etmək, insana edilən yaxşılığı illərin içində belə yaşatmaq…

Böyük insanlar haqqında danışarkən bəzən onların əsərlərindən, titullarından, qazandıqları uğurlardan söz açırıq. Amma insanın böyüklüyünün ən həqiqi ölçüsü onun kimə necə münasibət göstərməsindədir.

Nəriman müəllim anasına olan sevgisi ilə övladlığın, sevdiyi qadına bağlılığı ilə məhəbbətin və sədaqəti ilə vəfanın, xalqına və dövlətinə bağlılığı ilə mənəvi məsuliyyətin nümunəsini göstərdi.

O, söz yazdı, amma sözdən daha böyük bir miras qoydu:

Sevməyi, vəfa göstərməyi, yaxşılığı unutmamağı.

İndi onun səsi susub.

Amma şairlərin səsi ölümlə susmur.

Onların səsi kitabların səhifələrində, insanların yaddaşında, sevdiklərinin xatirəsində yaşayır.

Nəriman müəllimin də səsi yaşayacaq.

Anasına olan sevgisində…

Sevdiyi qadına olan məhəbbətində…

Dostlarına olan vəfasında…

Mir Cəlal müəllimə olan ehtiramında…

Xalqına və dövlətinə bağlılığında…

Və ən çox da sözlərində.

Onunla son görüşümüzdə əlimi buraxmayıb söylədiyi:

“Mənə sənin səsin duadır…”

sözünü isə mən ömrümün ən ağır, ən qiymətli xatirələrindən biri kimi daşıyacağam.

İndi mənim səsimdə sizin üçün dua var, Nəriman müəllim.

Sizin üçün deyilən hər “Allah rəhmət eləsin” sözündə bir ömürlük ehtiram, bir dostluq, bir sevgi var.

Siz sözün,sevginin,vəfanın öz adamı idiniz.

İndi isə əbədi olaraq Rəbbinizin mərhəmətinə əmanətsiniz.

Sevgi və dualarımla…

 

Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas