Close

NƏSR ƏSƏRLƏRİ

"Nabat xalanın" çörəyi şairin ilk irihəcmli avtobioqrafik nəsr əsəridir. Burada ərinin vəfatından sonra qucağında bir yaşında qalmış oğlan uşağı ilə ağır güzəran keçirən bir gəlinin həyatı, məişəti, onun mənəvi aləmi lirik–epik ovqatda rəsm edilir. Hadisələr müharibə dövrü və ondan sonrakı Azərbaycan mühitində, Ağstafa çayının Kür çayına töküldüyü yerdə, Poylu deyilən balaca bir fəhlə qəsəbəsində təsvir olunur.

Nabat xalanın oğlunun orta məktəb günləri, atabir bacısı – onun həyatmda böyük fədakarlıqlar göstərən Səriyyənin qardaş məhəbbəti, Gəncə tələbəlik illəri, Qiyamla Fərəhin sevgi macərası... bütün bunlar yaddaqalan həyati lövhələrlə, birinci, ikinci, üçüncü şəxsin dililə oxucuya nəql edilir.

Kitaba şairin başqa hekayə və hekayətləri də daxil edilmişdir.

 

MÜƏLLİFDƏN

(Bir neçə söz)

Azərbaycan” jurnalının poeziya şöbəsinə rəhbərlik edirdim. Gərək ki, yetmiş ikinci il idi. Jurnalın “Tənqid və ədəbiyyatşünaslıq şöbəsi”nə də Akif Hüseynov baxırdı. İndi MEA–nın Ədəbiyyat İnstitutunda işləyir, filologiya elmləri doktoru, professordur. Redaksiyada bizim söhbətimiz tutur, fikirlərimiz çox vaxt üst–üstə düşürdü. Akif çox mütaliə eləyən müdrik və təmkinli ziyalılarımızdandı. Bir sıra hallarda isə əlçatmaz zirvədə dayanırdı. Mənəviyyatca əlçatmazlığı nəzərdə tuturam.

Akifə mən başqa cürə baxırdım. Redaksiyaya gələndə də, gedəndə də. Bir gün yenə söhbət edirdik.

–Nə yazırsan? Nə üzərində işləyirsən?

Sualı yerinə düşmüşdü. Ürəyim doluydu.

–Bakıxanov dövründən yazmaq istəyirəm, Akif, – dedim: – İlk kəndli üsyanları Azərbaycanda başlayıb. Hacı Məmməd üsyanı. Üsyanın vaxtını qızının toy gününə təyin edib ki, camaatı bir yerə yığa bilsin. Bu, əslində azadlıq hərəkatıydı (Sonralar “Zümrüd quşu” poemasında yazırdım ki, tarix bizim olubdu, tarix yazan özgələr).

Akif: – Yaz, – dedi. – Maraqlı əsər olar.

Sonralar mən o poemanı “Zümrüd quşu” adı ilə yazdım, Akif “Ulduz” jurnalına baş redaktor gedəndən sonra, əsəri fəsil–fəsil çap etdi.

Başqa bir poema də yazmaq fikrim var, – dedim. – Uşaqlıq həyatımdan, anamdan, Kür qırağından...

Akif bir anlıq xəyala daldı. Oz uşaqlıq illərindən qəmli notlarla dolu söhbətlər elədi. Mən də ona qoşulub danışdım. Redaksiyada ikimiz qalmışdıq. Hamı getmişdi.

Söhbətim onu tutmuşdu...

– Bunu da yaz, – dedi.

– Əlyazmanı əvvəlcə gətir oxuyum.

Bir yerdə işləyirdik, əlbəttə, özüm xahiş edəcəydim ki, oxusun.

Birinci “Nabat xalanın çörəyi”ni yazası oldum. Nəsrlə. Tezislər şəklində xatırladığım hadisələri qeyd edirdim ki, sonradan yadımdan çıxmasın.

Əlyazmanı on-on beş gün saxladı. Bir gün soruşdum:

– Yəqin tutmayıb?

– Yox, əksinə, çox tutub, gətirəcəyəm.

“Azərbaycan ” jurnalının növbəti sayını gətirdi. Təzə siqnal nüsxəsiydi – Mənim ilk nəsr əsərim. “Nabat xalanın çörəyi”.

Akif mənim əlyazmamı oxuyub bəyənəndən sonra, jurnalın Baş redaktoru, tənqidçi – mərhum Cəlal Məmmədova öz rəyini bildirib, o da jurnaldakı materiallardan birini çıxarıb, yerinə mənim təzəcə yazdığım (əslində yazmaq istədiyim) əsəri göndəribdi.

Redaksiya məni təbrik etdi. Mənsə sıxılırdım. Axı, bu əlyazmanı oxumağa vermişdim, çapa yox.

Akif müəllim dedi ki, əl vursaydın əsərin bakirəliyi pozulardı. Bir az məni ürəkləndirdi.

Mənə ilk zəng vuranlardan mərhum Xalq yazıçımız Süleyman Rəhimov oldu.

– Xoşum gəldi, gözəldi. Amma teleqram yazıbsan, çox qısadı. Bunu gələcəkdə qalın roman elə...

Mənə başqa zənglər də oldu. Sonralar bu əsərin ikinci, üçüncü hissələrini də Akif müəllimin xahişi və təkidilə yazdım. Onlar da “Azərbaycan ” jurnalında dərc edildi.

Əslində bu əsəri Akif Hüseynov üzə çıxartdı. Bəlkə də heç vaxt yazılmayacaqdı.

Bu povestlə bağlı çoxlu məktublar aldım, məqalələr yazıldı. Başqa dillərə tərcümə olundu.

38 il keçməsinə baxmayaraq, indi də məktublar gəlir, məqalələr yazılır...

Mən Ağstafa çayının Kür çayına töküldüyü yerdə – Poylu vağzalı deyilən balaca bir fəhlə qəsəbəsində dünyaya göz açmışam. Atamdan sonra, bir yaşımda, tək gəlinin yanında böyümüşəm. Ana-bala. İki kimsəsiz...

Bunları hələ o vaxt, sənə danışmışdım, Akif.

İndi, yeddicildliyimin sırasında “Nabat xalanın çörəyi”ni görəndə, sinəmdən xatirələr baş qaldırır.

Sağ ol, Akif. Xeyirxah insan!

 

Bakı. 28 novabr 2010

 

Nəriman Həsənzadənin Nəsr əsərləri 2010-cu ildə nəşr edilmiş 7 cildlik Seçilmiş Əsərlərinin 4-cü cildində toplanaraq çap edilmişdir.

 

KİTABIN MÜNDƏRİCATI:

POVEST

  • Nabat xalanın çörəyi

 

HEKAYƏ VƏ HEKAYƏTLƏR

  • Əlli yeddinci sinif otağı
  • İsrafil ağa
  • Südüm sənə haram olsun
  • Güllə
  • Körpü

Nəsr əsərlərinin toplandığı kitabın PDF formatına bu linki tiklayaraq keçid edə bilərsiniz