Close

POEMALAR

POEMA SƏNƏTİ....

VƏ NƏRİMAN HƏSƏNZADƏNİN POEMALARI

 

Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı ədəbi-bədii təfəkkürün bütün spektrlərini özünəməxsus iyerarxiya ilə əhatə edir; funksional intensivlik etibarilə ilk növbədə lirika gəlir, sonra dramaturgiya, sonra epiklik (epikmiqyas)...

Böyük sənətkar-mütəfəkkirin həm şeirlərində, həm poe­ma­larında, həm dramaturgiyasında, həm də nəsr-publisistika­sında bu məqamların bir-birini necə izlədiyini, bir-birindən necə doğulduğunu görməmək mümkün deyil.

Ümumən dünya ədəbiyyatında təcrübə belədir ki, şairlər şeirdən başlayırlar, nasirlər hekayədən, dramaturqlar ya şeirdən, ya da hekayədən... Yəni "kiçik janr"lardan... Sonra "böyük janr"lara keçirlər: poema, povest, roman, dram-pyes, faciə, ko­me­diya... (Epos...) Insanın (cəmiyyətin) ədəbi-bədii təfəkkürü isə, əksinə, eposdan başlamışdır. Poema çoxsaylı ədəbi janrlardan birinə çevrilənə qədər özünəməxsus bir "tənəzzül tarixi" yaşamışdır; yeni dövrdən etibarən "poema" adlandırılan əsərlər vaxtilə bütövlükdə ədəbiyyata bərabər idi: şumerlərin "Bilqamıs"ı, Homerin "İliada" və "Odisseya"sı, türk dastanları, Firdovsinin "Şahnamə"si, Nizaminin "Xəmsə"si, ümumiyyətlə, dünya eposu, əgər belə demək mümkünsə, poema idi... Və ədəbiyyat, onun müxtəlif janrları "poema"dan doğuldu: nəsr də, dramaturgiya da, poeziyanın müxtəlif janrları da... Höte "Faust"u, Puşkin "Yevgeni Onegin"i, Hüseyn Cavid "Arif’i, Səməd Vurğun "Azərbaycan"ı ... yaradanda adı məlum olan və ya olmayan dahi sələflərini təqlid edirdilər... Haqlı idilər, ona görə ki, ədəbiyyat – bədii yaradıcılıq onsuz da təqlid edir: həm sinxron gerçəkliyi, həm də özünün tarixini...

Şumerlərin, misirlilərin, yəhudilərin, iranlıların, slav- yan­ların, germanların, romanların... dahi sənətkarları min illər, əsrlər boyu nəzmlə möhtəşəm dastanlar yaratdılar. İstər orta əsrlərdə, istərsə də sonralar hansı böyük söz sənətkarı istəməzdi ki, dünya eposunu yaradan naməlum (və universal) dahinin xələfi olmasın?!

...Bir janr olaraq poemanın genotipində bütövlükdə ədə­biyyat – dastan var, ona görə də böyük sənətkarların yaradıcılıq təcrübəsində lirik, dramatik və epik poemaların (dastan – stilizasiyaların) olması tamamilə təbiidir. Və şair dramatur­giyaya da poemadan keçir, yəni, əslində, səhnə üçün poema – dastan yazır... Hüseyn Cavid də belə etdi, Səməd Vurğun da... Və Nəriman Həsənzadə də!.. Öz böyük sələfləri kimi Nəriman Həsənzadənin də yaradıcılıq stixiya-istedadı poema-dastan miqyasındadır. Hər şeydən əvvəl ona görə ki, şairin, demək olar, hər bir şerində – ümumən lirikasında bir epos genişliyi, yaxud kontekst hiss edilir. İkincisi, elə şeir silsilələri var ki, Qurbani, Aşıq Abbas, Aşıq Ələsgər yaradıcılığında olduğu kimi, hərəsi bir süjet-dastan təşkil edəcək qədər ardıcıldır. Və üçüncüsü, tale (tarix) nəyi diqtə edibsə, şair onu yazıb...

Nəriman Həsənzadənin poema-dastan yaradıcılığının, əslində, ümumən yaradıcılığının əsas qəhrəmanı ya bilavasitə Azərbaycan, ya da Azərbaycanı simvolizə edən lirik-dramatik-epik "Mən"dir...

"Zümrüd quşu", "Nəriman", "Kimin sualı var", "Nuru Paşa"... kimi poemalarında şair qəhrəmanlarının tərcümeyi-halını məhz mənsub olduğu millətin tərcümeyi-halı səviyyəsinə qaldırır: klassik dastanlardan gələn təbii bir yaradıcılıq enerjisi (və estetikası) ilə inandırır ki, adi insan da, böyük şəxsiyyət də milli tarixi missiya daşıyır... Millət o zaman güclü olur ki, adi insanını yüksəltsin, böyük şəxsiyyətini tanısın, ictimai yaddaşına (tarixinə) yazıb örnəyə çevirsin...

Nəriman Həsənzadə poemalarında bir şairin ola biləcəyi qədər tarixçidir, əslində, tarix fılosofudur; bu isə o deməkdir ki, Hüseyn Cavid, Səməd Vurğun... kimi o da tarixin – yaşanmış həyatın statistikasından, xronologiyasından daha çox mahiyyə­tinə, bu günə gətirib çıxaran (və ya çıxarmayan) məntiqinə nü­fuz edir. Ona görə də tendensiyalı tarixçilərin "hiyleyi-şərr"ini görür, mənsub olduğu millətin danılmış tarixinin konturlarını cızır, bir sıra hallarda isə onun (tarixin bu və ya digər bir döv­rü­nün) bütün mənzərəsini "bərpa edir".

Məlum məsələdir ki, şair, tarixçidən fərqli olaraq, təsvir etdiyi dövrün iqtisadi – təsərrüfat münasibətlərindən, yaxud tikinti-memarlıq texnologiyalarından, yaxud da siyasi-ideoloji münaqişələrin təfsilatından bəhs etmir. Mütəfəkkir-sənətkar üçün tarix insanın (ümumiyyətlə, insanlığın) yüksəlişi, tərəqqisi tarixidir, bir az da konkretləşdirsək, sözün geniş mənasında, qəhrəmanlığın (və qəhrəmanların) tarixidir. Şair üçün bu və ya digər bir dövrün məzmunu, idealları, yaxud, "idealsızlığı" bir qılınc, yaxud söz qəhrəmanında, bir məhəbbət, yaxud nifrət mütəfəkkirində təzahür edə bilər (və edir)...

Nəriman Həsənzadə poemalarının bir qayda olaraq tarixi qəhrəmanları həm də müasirdir. Və bu müasirlik, sadəcə, öz tarixilə fəxr etmək kimi kifayət qədər populyar, bəzən hətta konyukturaya qədər gedib çıxan, bir ictimai-mənəvi ehtiyacla məhdudlaşmır. Şair tarixi bu günün (və bu günü tarixin) kontekstində təhlil edir – bu təhlildə dəqiqlikdən başqa, o qədər böyük səmimiyyət də var ki, onun (şairin) "qaibdən xəbər verdiyinə" inanmaya bilmirsən...

Böyük şairin bütün yaradıcılığı üçün səciyyəvi olan bir məqam da var ki, onun poemalarına bilavasitə aiddir: o da ic­ti­mai (universal) səviyyəyə qaldıra bildiyi tərcümeyi-halıdır. Umu­miyyətlə, bu məqam epos təfəkkürü üçün xarakterikdir: dastan "müəllifi" həmişə öz tərcümeyi-halını cəmiyyətin tərcü­meyi-halı kimi təqdim edir... "Dədə Qorqud"dan "Koroğ­lu"ya, "Əsli Kərəm"dən "Aşıq Qərib"ə qədər...

Dünyanın bütün böyük şairləri kimi, Nəriman Həsən­zadə də eposdan gəlir. Və eposun əbədi yaradıcılıq texnologi­yaları ilə yaradır...

Nizami CƏFƏROV

 

MÜƏLLİFDƏN

Dünya işıq, yol qaranlıq, söz bələdçidi. Mən bu bələd-çinin köməyilə qaranlıq yolları keçdim, Müstəqillik Aktına qol çəkdim, dünyanın İşığını gördüm. "XXI əsrə giriş" əsərimi də yazdım. Bundan sonra da yazmaq həvəsilə yaşayıram. Bəlkə bu, mənim taleyimdi.

Böyük Nizami deyirdi ki, nailiyyəti, uğuru hünər, iste­dad yox, tale həll edir. Baxt!

Mən bu yollarda istedadlı gənclər gördüm ki, "Ey kimsə­sizlər Kimsəsi!" deyərək, – kömək axtara-axtara yerlərini özgə­sinə verdilər.

Mənim qabağıma yaxşı insanlar çıxdılar, həyatda da, ədə­biyyatda da mənim taleyim oldular. Onları mən axtarıb tap­ma­mışdım, nağıllarda olduğu kimi, özləri qabağıma çıxmış­dılar.

Görüşlərim demək olar ki, təsadüfı olmuşdu. Təsadüfi halları filosoflar zərurət adlandırır. Bəlkə düz fikirdi? Hər halda, nə yaxşı, dünyada təsadüflər var!

İndi, nəşr etdirdiyim "Seçilmiş əsərləri"mdə dünyasını dəyişənləri hörmətlə, həsrətlə xatırlayıram. Sağ olanlara min­nət­daram.

Həyatım, tərcümeyi-halım əsərlərimdədi. Nəhayət, hör­mət­li oxucularım onları oxuduqca görəcəklər ki, nə qədər təz­yiqlərə, təqiblərə məruz qalmışam...

Bu, şikayət deyil, sadəcə etirafdı.

Burada "yaxşı" dediyim ilahi insanlar haqqında ayrıca, bir az da geniş yazmaq fikrindəyəm...

"Nəriman", "Kimin sualı var?", "Zümrüd quşu" əsərləri­min üzə çıxmasına, uğur qazanmasına mane olan çətinliklərin qarşısının alınmasında Umummilli lider Heydər Əliyevin böyük təsiri olmuşdur. Birini burada misal çəkmək istəyirəm.

O vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komi- təsində keçirilən və bizim Yazıçılar İttifaqı rəhbərliyinin də iştirak etdiyi Büro iclasında MK-nın Birinci katibi Heydər Əli- yev deyirdi ki, mən Azərbaycanın XIX əsr həyatından, taleyin- dən danışanda, adətən Mirzə Fətəli Axundovun "Puşkinin ölü- münə Şərq poeması" əsərini misal çəkirəm. O dövrdən bəhs edən başqa əsər yoxdur?..

Mən yerdən: – Var, yoldaş Heydər Əliyev, – deyə cavab ver­dim.

Büro iclaslarında yerdən icazəsiz danışmaq, Birinci katibin sözünü kəsmək olmazdı. Görünür, sual məni tutmuşdu. Ətrafdan mənə narazı baxışlar zilləndi...

– Belə bir əsər varsa, nə üçün mən oxumamışam? Mənim xəbərim yoxdur?... – Bu sözləri deməyə Heydər Əliyevin tam haqqı var idi. Tariximizi gözəl bilirdi, mütaliə onun stixi- yasıydı. Hər bir yaradıcı ziyalını yaxşı tanıyırdı və səxavətlə tanıdırdı. Tariximizdə nadir dövlət başçılarından idi ki, sənəti, sənətkarı bu qədər sevirdi, qiymətləndirirdi.

O, bir anlıq pauzadan sonra yenə Büro iclasını davam etdirdi. Başqa söz soruşmadı.

O gün gecə saat bir radələrində, İttifaqın birinci katibi mərhum İmran Qasımov mənə zəng vurdu. – Əsərin orijinalını da, ruscaya tərcüməsini də Heydər Əliyev istəyir. Sabah təq- dim etməliyəm, – dedi.

İmran müəllimin "Zümrüd quşu" əsərimdən xəbəri var idi. Poema ayrıca kitab şəklində təzəcə nəşr olunmuşdu. Hələ SSRİ Dövlət mükafatına da təqdim edilməliydi. Bu barədə mənə, İmran müəllimin özü demişdi. Rusiyanın böyük şairi Vladimir Solouxin sətri tərcümə ilə tanışlıqdan sonra mərhum yazıçı İsmayıl Şıxlı ilə mənə məktub göndərmişdi (onlar "Peredelkino" yaradıcılıq evində istirahət edirdilər). V.Solouxin yazırdı ki, əsəri mən tərcümə edəcəyəm. Lakin Bakıda məni elə tələsdirdilər ki, poemanı başqa bir rus şairinin tərcümə etməsinə razılıq verdim. Əsər "Literaturnıy Azerbaydjan" jurnalının iki nömrəsində ixtisarla dərc edildi.

Burada, məhz bu əsərdən söhbət getdiyinə görə, xalq yazıçısı Elçinin adını hörmətlə çəkmək istərdim. İttifaqın katibi vəzifəsində işləyirdi. Onun xeyirxahlığı bir çox məqamlarda dada çatırdı. Şairin də, yazıçının da buna ehtiyacı var. Əlbəttə, bu, başqa bir söhbətin mövzusudur.

Poemanın Azərbaycan və rus variantı Heydər Əliyevin özünə çatdı. Bir həftə sonra isə qəzetlərdə mənə "Respublikanın Əməkdar incəsənət xadimi" Fəxri adının verilməsi barədə onun fərmanı çap edildi. Qısaca bu qədər...

* * *

Məlumdur ki, Homerdən, Nizamidən üzübəri böyük sə­nətkarlar bütün əsrlərdə çağdaş olurlar. Yaratdıqları əsərlərə görə də yaşadıqları epoxaya qiymət verilir.

Böyük rus şairi Puşkin də belədir. Heç şübhəsiz, o da birinci növbədə öz xalqının, öz dövrünün oğludur. Yalnız bundan sonra digər xalqlara və dövrlərə aid edilə bilər.

Bu günlərdə əsərlərimin yeddicildliyini nəşrə hazır-ladığım zaman, "Zümrüd quşu"nu yenidən oxudum... Çalış-mışdım ki, çar imperiyası şəraitində sahibsiz bir milləti sənətilə – toxuduğu xalılarda yaşadan bir azərbaycanlı qadının şəxsində ümumiləşdirim; böyük rus şairi Puşkin və A.A.Bakıxanov mühitində tariximizi, taleyimizi araşdırım. Buna görə də mən o qadını sadəcə "Zümrüd quşu" adlandırdım. Mənim anlamımda – xilaskar, fədakar mənasında.

Bu il yay məzuniyyətimi Kislovodskda keçirərkən, şəhərin mərkəzi kitabxanasında xeyli məşğul oldum, sovet dövrü çapı qadağan edilən və indi Rusiya nəşriyyatlarının buraxdığı yeni (V.Pottonun beşcildlik "Kafkazskaya voyna", A.Şirokoradın "Rusiyanın dostları və düşmənləri" seriyasından "Persiya – İran. İmperiya na Vostoke" və s.) kitabları alıb oxudum.

"Zümrüd quşu" poemasını yenidən işləyəndən sonra "Seçilmiş əsərləri"mə daxil etmək qərarına gəldim.

Yeri gəlmişkən deyim ki, görkəmli rus şairi (Moskva) V.Sem­yonovun tərcüməsində poema ruscaya "Puşkin Qafqaz­da" adı ilə (1987) tərcümə və nəşr olunmuşdu.

Məlumdur ki, böyük rus şairi Puşkin ikinci müsəlman polkunun (Qarabağ atlılarının) döyüşçülərilə onların hərbi düşərgəsində görüşüb, "Oktava"1 adlandırdığı "Şirvan polku"na poema həsr edib, əsirlikdə olan türk sərkərdəsi Haqqı Paşaya, Qafqaza və qafqazlılara ("Qafqaz"1 şeirini xatırla) olduqca səmimi münasibət bəsləyib. Bəlkə də bütün bunlara görə (başqa səbəbləri də istisna etmirəm) feldmarşal Paskeviçin əmrilə o, Moskvaya yarımçıq qayıtmalı olmuşdur.

Bu məsələlər poema ayrıca kitab şəklində nəşr olunandan sonra da məni düşündürürdü...Puşkinin öz sözləri də mənə haqq verir ki, məhz belə düşünüm. Tiflisdə dostlarından birinin – ordudan nə tez qayıtdın? – sualına o, belə cavab vermişdi ki, Paskeviçin yedəyində gəzmək məni cana gətirmişdi. Mən istə­yirdim, bizim igid qafqazlıların qəhrəmanlıq hünərini tərənnüm edim – bu, bizim doğma epopeyamızın şərəfli bir hissəsidir. Am­ma o məni başa düşmədi və tələsdi ki, məni ordudan qov­sun. Budur, mən də çıxıb gəldim...

Poemanı işlədiyim vaxtlarda fars, ərəb, rus, ingilis, dillə­rində olan ədəbiyyatla, qədim Yunan və Roma mütəfəkkir­ləri­nin əsərlərilə, bir sıra arxiv materialları ilə də yaxından tanış ol­dum. Onları buraya köçürsəydim, uzun-uzadı bir siyahı alı­nar­dı.

Poema yeni, təkmilləşmiş variantda məncə daha dolğun, daha tarixi görünür.

Tarixdən külü yox, odu götürməyə çalışdım. Ola bilsin ki, odqarışıq kül də gəlib. "Odu – külün vasitəsilə saxlamaq olar" (Nizami)

2010

 

Nəriman Həsənzadənin Poemaları yenı nəşr olunmuş Seçilmiş Əsərlərinin IV və V cildində toplanmış və çap edilmişdir.

Kitabın Mündəricatı:

  • Poema sənəti və Nəriman Həsənzadənin poemaları (Nizami Cəfərov)
  • Nuru Paşa
  • Qarabağdan gələn var
  • Qafqaz
  • Kimin sualı var?
  • Zümrüd quşu
  • Bəyanat
  • Şəhid atası Şərif qağaya məktub
  • Qadın
  • Sabir
  • Səfirə məktub
  • Həsrət
  • Nizami

Poemaların toplandığı IV cildin PDF formatına bu linki tiklayaraq keçid edə bilərsiniz

 

Poemaların toplandığı V cildin Mündəricatı:

  • Əsir uşaq
  • Vətənsiz
  • Qaçaq Kərəm
  • Xarıbülbül
  • Cavid
  • Rəsul Həmzətova Məktub
  • Qız ürəyi
  • Körpəylə söhbət
  • Bir bir il də doğulduq
  • Şahid ol, Günəş
  • Zəfər yolu
  • “Qarabağnamə”m İlham
  • Poylu ‒ Beşiyim Mənim
  • İstiqlal əsgəri
  • Nəriman
  • Seyid Nigari türbəsi
  • Gözüm o gözlərdə qaldı

Poemaların toplandığı V cildin PDF formatına bu linki tiklayaraq keçid edə bilərsiniz