QAL GÖRÜM
Bəstəkar Ramiz Mirişli
Duman gələr, çən düşər,
dağlar məndən gen düşər.
Erkən saça dən düşər,
gülə-gülə gəl görüm.
Qara gözlər, ağ əllər,
şahid olsun bu ellər.
Oxşa məni bir qədər,
sığal görüm, əl görüm.
Yaşıl çəmən, buz bulaq,
dünya olsun, biz olaq.
Gecə uzun, mən oyaq,
susma, susma gül görüm.
Yana-yana od oldum,
öz-özümə yad oldum.
Gəldin, gördüm şad oldum,
getmə daha, qal görüm.
