Close

KAŞ

Bəstəkar Oqtay Kazımov

Kaş yenə mən deyən illər olaydı,
mən oldum bir yana, illər bir yana.
Nə vaxt saçlarını daradı, yaydı
küləklər bir yana, əllər bir yana?

Nə vaxt ürəyimi mən sənə açdım?
Əgər sən susursan, qoy illər desin.
Əvvəl vaxt tapanda yanına qaçdım,
sonra... səndən qaçdım, vaxtım itməsin.

Beləcə, yellərə verdim illəri,
aylara, illərə verdim illəri.
Mən vaxtı itirdim səndən ötəri,
mən səni itirdim vaxtdan ötəri.
İtirə-itirə pozuldu nəşəm,
özüm itirmişəm... heç bilməmişəm.

Yaşım gör illərin harasındadı,
illər məhvərimdən qoparır məni.
Ürəyim əvvəlki sevdasındadı,
dünya qayğılara aparır məni.