BU DA BİR ZARAFAT
Bəstəkar Rəşid Nəsiboğlu
Eh, bir vaxt evləndik,
qaynadıq-qarışdıq,
küsüşdük, barışdıq,
sən demə, hamısı zarafat.
Dəyişdi səmtini
suların axarı,
yuxarı, aşağı,
aşağı, yuxarı.
Qarışdıq çəməndə
güllərin ətrinə.
Dəydik də arabir
sən mənim xətrimə,
mən sənin xətrinə,
küsülü yaşadıq bir evdə
üç saat, beş saat...
Axırı yenə də zarafat.
Bir evdə olmasa zarafat
dağılar o həyat,
uçular o həyat.
Qız oldu ilkimiz,
böyütdük ikimiz.
Özümüz böyüdük bir az da.
Beləcə dəyişdik
zarafat-zarafat,
sən ana, mən ata!
Sonra da oğlumuz,
oğul da sonrakı arzumuz.
Yaşadıq gah ona,
gah buna muğayat.
Qalxdılar,
uzandı boyları maşallah,
bu da bir zarafat.
Saçlara xəlvəti dən düşdü,
dağlara çən düşdü,
dağlardan bir duman endi də.
Tanınmaz olduq biz
tanına-tanına,
beləcə dəyişdik indi də.
Gözəldi yaşamaq,
gözəldi bu həyat.
Heyf ki,
hamısı xəbərsiz,
hamısı bir anlıq.
Eh, səni hardasa
nənəlik gözləyir,
məni də babalıq.
Bu boyda zarafat?!
