Close

AY YAŞIL SÖYÜD

Bəstəkar Xəyyam Mirzəzadə

O, burdan gedəli
          mən bura gəlmirəm.
Soruşma niyə bəs?
Bilmirəm, bilmirəm, ay yaşıl söyüd.


Gəlibmi, gedibmi
          yanına o mənsiz?
Sən onsuz özgəsən,
yad olub o, sənsiz, ay yaşıl söyüd.


Yağışlar yağanda,
          yığardı ovcuna
o sənin saçını,
mən onun saçını, ay yaşıl söyüd.
                              
Yanına qaçardıq 
gülüşə-gülüşə,
          yıxıla-yıxıla, 
sürüşə-sürüşə, ay yaşıl söyüd.


Küsülü gülüşü
          düşürmü yadına? 
Saçların tökülüb 
ayaqlar altına, ay yaşıl söyüd.


Küləklər necə sərt
          əsərmiş, ay aman! 
Mənəmmi pərişan, 
sənsənmi pərişan, ay yaşıl söyüd?