LİRİK PARÇA
Bəstəkar Sevda İbrahimova
Salsa kölgəsini yollara bulud,
yanından ötsə də, sən məni yad et.
Günəşi ağ bulud, ya qara bulud
bir anlıq örtsə də, sən məni yad et.
Qulağın qəfildən bir səsə düşsə,
o, mənim səsimdi, sən məni yad et.
Səhərin mehiylə alnın öpüşsə,
mənim nəfəsimdi, sən məni yad et.
Alışıb yanacaq üfüqdə könlüm,
o yolda, o izdə sən məni yad et.
Nə qədər səhər var, günəş var, gülüm,
dünyada mənsiz də, sən məni yad et.
