BÖYÜK NƏĞMƏKAR - (İ. Frankonun anadan olmasının 110 illiyi münasibəti ilə)
Zəngin Şərq həyatı, Şərq ədəbiyyatı dünyanın böyük sənətkarlarının nəzərdiqqətini cəlb etmiş, bir çoxunun mənəvi qida mənbəyi olmuş, onları zaman-zaman düşündürmüşdür. Bəzən adi bir Şərq rəvayəti həmin sənətkarların qələmi ilə, fırçası ilə Qərbin sənət abidəsi dərəcəsinə yüksələ bilmiş, əsrdən-əsrə yaşamaq hüququ qazanmışdır. Məşhur alman şairi Götenin, ingilis Bayronun və başqalarının orta əsr Şərqinin ən böyük şairi Nizamini özlərinə ustad seçmələri təsadüfı deyil. Yaxud, böyük Puşkinin fars şairi Sədiyə yüksək qiymət verməsi və ondan qidalanması məlumdur.
Ukrayna xalqının böyük oğlu İvan Franko da dünya ədəbiyyatını gözəl bildiyi kimi, Şərq ədəbiyatının da yorulmaz mütaliəçisi olmuşdur. Onun "Gözəllik" şeirini oxuduqda, istər- istəməz Nizaminin İsgəndər, yaxud Ərəstun haqqında yazdığı bədii parçaları xatırlamalı olursan. Demək olarmı ki, Franko Nizamini gözəl bilirdi. Lakin "Gözəllik" şeirinin mövzusunu Nizamidən götürdüyünü demək, qətiyyən düz olmazdı. Franko hələ gimnaziyada oxuduğu illərdə qədim yunan ədəbiyyatı ilə dərindən məşğul olmuş, Sofoklun "Antiqona" və "Elektra" əsərlərini, "Odisseya"nın iki nəğməsini Ukrayna dilinə tərcümə etmişdir.
Bütün bunlarla yanaşı, Frankonun sonetləri və lirik şeirləri içərisində onun bir qəzəli də vardır ki, bu, heç şübhəsiz, böyük sənətkarın poetik yaradıcılığının tədqiqi üçün maraq doğurur. Qəzəl "yamb" və "xorey"lə deyil: Nizamidə, Füzulidə, Sədi və Hafızdə olduğu kimi, əruzla yazılmışdır. Şərq təşbehləri işlən- miş, gözəl - müraciət obyekti seçilmişdir.
Gimnaziyanın son kursunda oxuyarkən İvan Franko bir çox sevgi şeirləri, o cümlədən həmin qəzəli də məhz bu vaxt - 1884-cü ildə yazmışdır. Şairin gənc yaşlarında yazdığı bu qəzəlində Şərq ruhu, Şərq rayihəsi, Şərq şairlərinin üslubu duyulur. Ola bilsin ki, onun daha bir neçə qəzəli vardır. Lakin Frankoya qədər Ukrayna poeziyasında qəzəl olmuşmu? Bu, maraqlıdır.
Şevçenkodan sonra Ukrayna ədəbi məktəbinin başında duran, xalq dili və xalq həyatının böyük müdafiəçisi və tərən- nümçüsü olan, İvan Frankonun poetik yaradıcılığı üçün bu qəzəlin əlbəttə, hələ tədqiqata ehtiyacı var.
Həmin qəzəlin tərcüməsini veririk.
QƏZƏL
Səni bir görmək üçün, gözlərim hər an tələsir,
sahilə doğru qayıq sanki ümmandan tələsir.
Uyuyub lap gecədən qupquru, susuz dərədə
günəşə doğru bulud necə obaşdan tələsir.
İşığa əsir olan bir şölə pərvanəsidir,
odlara, aşikar düşür, yox, demə pünhan tələsir.
Cənuba hey can atan şərqisi qəm durna kimi,
kəssə də qabağını Şimalda boran, tələsir.
Ölümdən azca qabaq bir ana ceyran üstünə
elə bil qanı axan bir bala ceyran tələsir.
Düzlüyə, doğruluğa həsrət qalan bir ruh kimi
o niyə, mənim gülüm, sənə hər zaman tələsir.
