Close

Svetlana SOLOJENKİNA - (Azərbaycan)

AZƏRBAYCAN, ƏZİZ DİYAR!..

Düzülüb qatarla uçdu durnalar,
Bir nəğmə dil açdı könlümdə birdən:
“Azərbaycan, əziz, sevimli diyar,
Çox qədim, şöhrətli bir ölkəsən sən!”

Bu nəğmə ən gözəl nəqarətimdir,
Onu hifz eləyir sinəmdə ürək.
Bu nəğmə - həm qolum, həm qanadımdır,
Yanır başım üstə daim günəştək.

 

AZƏRİ!

Mümkünmü səni duymamaq,
Sən bahar oğlusan, mən Şimal qızı!
Böldük bir çörəyi ikiyə, ancaq
Bölmərik biz vətən torpağımızı.

Qoruduq biz onu sinə gərərək,
Durduq keşiyində doğma Vətənin.
Sənin çinarını mən sevdiyimtək,
Sən ağcaqayını sevirsən yəqin.

Durmuşuq əbədi məşəl önündə,
Birdir qəlbimizi sıxan ağrılar.
İndi sənin üçün, mənim üçün də
And kimi səslənir: şirin laylalar.

Bu andtək möhkəmdir bizim etibar...
Buruqlar meşəsi uzanıb gedir.
Sanki mayaklardır... yandıqca onlar
Böyük bir ölkəni nura qərq edir.

Sevən ürəklərdə arzu çoxalıb,
İrəli gedirik verib əl-ələ.
İnan - yaman günlər arxada qalıb,
İnan - qabaqdadır xoş günlər hələ.

Nə bir an, nə bir gün, dünyada heç vaxt
Bizi ayırammaz nə boran, nə qar.
Dünya nə gözəldir, sən bir ona bax,
Hələ bir fikir ver... ötür durnalar...

Sənindir, al mənim könlümdə nə var,
Təkcə bu nəğməni alma əlimdən.
“Azərbaycan, əziz, sevimli diyar,
Çox qədim, şöhrətli bir ölkəsən sən!”.

 

VƏTƏNƏ

Vətən, əziz Vətən, istəkli anam!
Mən gəldi-gedərəm, əbədisən sən.
Yumub gözlərimi səni qucuram,
Heyrət edirəm ki, sən nə böyüksən!

Nə gəlməyim bəlli, nə də getməyim;
Damcı olmasa da, hovuz - hovuzdur.
Toz kimi itirəm... eh, mən nə deyim,
Ancaq məhəbbətim sənə sonsuzdur!

Amma bir övladdan söz açıldımı,
Bilirəm məni də tez yad edirsən,
Mənim dodaqaltı hər pıçıltımı,
Məndən uzaqda da sən eşidirsən.

Qəmlənsəm - bilirəm qaşın çatılar,
Ölsəm - tutularsan, ey əziz Vətən!
Sənin milyon-milyon oğlun, qızın var,
Lakin milyonlarçın bir olan sənsən...

 

PAYIZ SƏHƏRİ

Yatır hələ gözəl şəhər...
Oyanmışdır ancaq külək.
Uçan sarı yarpaqlardır
Havada quş qanadıtək.
Buz bağlayıb gölməçələr,
Bir balaca var ayaz da.
Binaların arxasından
Çıxır günəş asta-asta.
İşıqlanır gen küçələr,
Sanıram tək mənəm oyaq, -
Addımımın səs-küyündən
Şəhər indi oyanacaq...

 

AYLI GECƏ

Ay bir gümüş pul kimi
Gölə düşüb... baxın bir;
Dairə cıza-cıza
Dalğalar gözdən itir.

Patefon valı kimi
səssizcə hərlənir hey;
Sanki qızıl hörümçək
toruna düşübdü Ay.

 

GÜNƏBAXAN

Soyuyub get-gedə isti havalar,
İndi də qış ilə yay əvəz olur.
Qopub budağından düşən almalar,
Otların içində görünməz olur.
Uçacaq durnalar uzaq ellərə,
Yenə düzüləcək bir qatar kimi.
Əyir günəbaxan başını yerə,
Yayın getməsinə günahkar kimi...