Simon Çikovani (gürcü şairi) - QÖNÇƏBƏYİMİN MAHNISI
"Bu yeni mahnımda 18 yaşlı gənc bir qadının taleyini qələmə almışam... Onun adı Qönçəbəyimdir. Bu xan qızı həddən artıq gözəl və mehribandır. Yazıq qız ərindən çox yanıqlı idi... Onu zorla ərə vermişdilər. Xülasə, bütün bunlar qələmə alınsa, yaxşı bir roman olar..."
BARATAŞVİLİNİN ƏSƏRLƏRİNDƏN
Aman, Qönçəbəyim, azəri qızı,
kölgən də bəzəkdir quru yollara.
İlahi bir qəlbin nədir ağrısı,
aman... bu hüsn hara, bu kədər hara?
Sən də Leyli kimi, qan ağlayırsan,
soyuq yanağında isti göz yaşı!
Sağ ikən özünə yas saxlayırsan,
alışıb, od tutur bağrımın başı.
O mavi gözlərin hüdudsuz ümman!
Bir ömrün dərdini danışır mənə.
Sən necə incəsən, necə mehriban,
gözəllik necə də yaraşır sənə!
Dolanır bağçanı azəri qızı,
zorla sürükləyir ayaqlar onu.
Nədir bu söhbəti, bu pıçıltısı?
necə də dinləyir yarpaqlar onu:
"Gör özüm hardayam, ürəyim harda...
əsən yel qoy mənim ah-zarım olsun.
Bu budaq altında, qoy elə burda,
mənim unudulmuş məzarım olsun.
Arı pətəyini, qoca cökəni
mən həmdəm seçmişəm... sirrimi saxlar.
Bu budaq altında gizlədər məni,
üstümə tökülən sarı yarpaqlar..."
Dəyişir gözündə rəngini cahan,
susur dodaqları Qönçəbəyimin.
Onun bu hökmündən, bu qərarından,
ah, yoxdur xəbəri hələ heç kimin.
