Close

Aleksandr XALDEYEV (Azərbaycan) - QOBUSTAN QAYALARINDA RƏSMLƏR

Z.İ.Yampolskiyə

Şüalar yayılıb qayalar üstə,
Qayalar qırmızı məxmər olubdu.
Karvanlar dayanıb boz yollar üstə,
Karvanlar gedibdi, izlər qalıbdı
Qədim eramızın mirası kimi,
Yarımçıq bir şerin misrası kimi.

Bir çapar şütüyür əlində nizə,
Çiynində yapıncı, belində mizraq.
Onun sərt baxışı deyir ki, bizə -
O, qalib çıxacaq, qalib çıxacaq.
Doymayıb dünyanın qeylü-qalından,
Odlar səpələnir atın nalından.

Tonqal kənarında susub bir əsgər.
Nədir seyr etdiyim bu qaş, bu qabaq?
Bu gecə əlləşib sabaha qədər,
Ağacdan canlı bir büt yaradacaq,
Ona baş verəcək, əl də verəcək,
Öz yaratdığına dua edəcək...

Şəklənib düzlərdə ceyran sürüsü,
Ovçu təqib edir qan-tər içində.
Əlində qədimdən qalma sümbüsü...
O, baba üçün də, nənə üçün də
Gör harda, gör harda gərək olubdu,
Ovçu qanadlanıb külək olubdu...

Əlindəki qabda cecə çaxırı,
Bir qadın elə bil çaşıb yolunu;
Tələsik yeriyir harasa, budur,
Hardasa, bir ovçu gözləyir onu.
Çaxır da, qadın da, xoşbəxt gecə də
Onun qismətidir, tək onunkudur.

Burdan ilan keçib...
Əyri iz salıb,
Bəlkə zəhərini töküb daş üstə?
İzi əsrlərə yadigar qalıb –
Özü öz rəsmini çəkib daş üstə.

Siz ey avarçılar... yorulmayın siz,
Qarşıya çıxsa da tufan, ya külək.
Siz hələ üzməli, üzməlisiniz,
İyirminci əsrin limanınadək.
Çox dəli dalğalar keçməlisiniz,
Əbədiyyət suyu içməlisiniz...