Close

Tendele Spil Mori - (ANAMA, DÖZÜM)

ANAMA

Tək doğmadın məni sən,
          hicranı sən mənimlə
          ekiz doğdun, can ana.
Bu doğuşla vətəndə
          qəmin qara xaçını
          keçirdin öz boynuna.

Oldu ana qucağın
          bizim isti yerimiz.
Keçdi qolların üstə
          həyatdakı ən rahat,
          ən sakit günlərimiz.

Əgər alın tərilə
          qazanılırsa çörək,
Azadlıq da, can ana,
          bizim həyatımızla
          qazanılır... neyləmək.

Gələcək biz deyən gün –
          sənin göz yaşlarıyın
          əvəzinə, anacan.

Yaşıl-tünd kofeləri
özümüz alacağıq
bir vaxt qara iblisin
          qanlı caynaqlarından.

Sənin arzun odur ki,
          sağ-salamat olaq biz.
Özümüz gəlməsək də,
          gəlsin hərdən səsimiz.

Yox, sənsiz olmamışıq,
biz harda olmuşuqsa,
          ana demişik ancaq.
Tək bir məqsədimiz var:
          ana torpağımızı
          anamıza qaytaraq.

            * * *

Hər şeyin öz vədəsi,
          öz vaxtı var dünyada.
Çox şeydən asılıdır
          vaxtın vaxt olması da.
Səadət istəyən kəs,
          çəksin qəm ağrısını
          gərək sinə dolusu.
Qəm, dərd olan yerdədir
          bizim göz yaşımızın
          bəlkə də ən duzlusu.
Ancaq ümid var, ümid –
          azadlığa bir inam,
Qələbəsiz azadlıq
          ola bilməz heç zaman.
Baxın... necə genişdir
          sinəsi göy səmanın!
Qələbə adlı qüdrət
          qəlbində olsun gərək
          həyatda hər insanın.

 

DÖZÜM

Döz, mənim ürəyim... döz hələ görək,
mənim dediyim gün bir vaxt gələcək.
Döz, mənim ürəyim...
çaylara bax bir,
sən öz mənzilini o çay kimi seç.
Yollar da çay kimi bəzən əyilir,
bəzən hey burulur...
düz yol varmı heç?!
Bir ləpə o biri ləpəyə arxa,
onun qüvvəsidir, onun gücüdür.
Dözümlə yığılan ən böyük dalğa
sonradan qayayla,
dağla döyüşür.

Ən güclü dalğalar birdən olmayır,
əsir yavaş-yavaş bəzən meh kimi.
Dünyada
qiymətli daşlar da var ki,
vaxtında dəyişir yalnız rəngini.

Döz, mənim ürəyim...
əslinə qalsa,
ah-ufla budaq bar gətirə bilməz.
Göz yaşı nə qədər qiymətli olsa,
adi bir göy otu bitirə bilməz.

Dəryalar dərindi, dərin, çox dərin,
dalğalar başımdan aşırlar mənim.
Hələ qorxusu var bu dərinlərin,
bir dözüm lazımdır,
bir vaxt...
ürəyim!