Nikita STENESKU (Rumın şairi) - YENİYETMƏLƏR DƏNİZDƏ
Günəşin zər saçlarından tuta-tuta,
Dalğalardan çıxa-çıxa,
Dalğalara bata-bata,
Dəstə-dəstə üzüşürlər,
Elə bil ki, böyrüstə, yanıüstə,
ağzıüstə gəzişirlər.
Uzandığım narın qumlu bir sahildən,
Ağ yelkənli qayıqlara baxıram mən;
O qədərdi - sanki qayıq qasırğası var dənizdə,
Üzür gənclər, -
Ah, qorxuram,
O yelləncək ləpələrdən
Sonra biri düşə bilər!
Bata bilər! -
Üzə bilməz
Dənizdə səs, səmada səs,
torpaqda səs.
Ağ yelkənli qayıqların tufanı var.
Cavanların burda tufan gülüşü var,
Tufanlarla görüşü var.
