Close

Maksim RILSKİ (Ukraynanın xalq şairi) - AZƏRBAYCANDA

BAKI MISRALARI

Qədim mavi sulara diqqət ilə sal nəzər, -
Bizim böyük günləri yaradan qəhrəmanın
Sanki öz əllərilə sığallanıbdı Xəzər.

Qaynamada bu nəhəng, gör necə dalğalıdır,
O, yalnız bu dövrana minnətdar olmalıdır, -
Şöhrəti, söz-söhbəti dilindədir cahanın.

İndi nura qərq edir o, yaxını, uzağı,
Sözüylə işi birdi bu bahadır dənizin –
Keçmiş nağıllardakı qəhrəmanlar sayağı.

Qartallar alayına yazılmışdır elə bil,
Dalğa addımlarıyla cərgədən qalan deyil.
Necə ürəkaçandır onun mavi bənizi.

Burda neçə millətin birləşib qardaş əli,
Ləpələr dilə gəlib elə bil vəsf edəcək.
Yanında dayandığım bu möhtəşəm heykəli.

Aşağıya baxıram - dünya burda yerləşib,
Sanki qədim əsrlə yeni əsr birləşib, -
Sofoklun xorundakı gənclərlə qocalartək.

Burda atəşpərəstlər yaşayıb yana-yana,
Budur, biz bir məbədə indi ayaq basırıq,
Uca neft buruqları alıb onu qoynuna.

Onlar - bu neftçilərin ən ulu babaları!
Ulu balıqçıları, ulu nəğməkarları!
Daşlar dinir elə bil, biz də qulaq asırıq.

İnsanlar xoş gününü yaradır öz əlilə,
Diz çöküb tabe olur dağlar hünərə yalnız.
Ucalanlar ucalır öz halal əməlilə.

Bu yolun yolçusudur leninçi nəslim mənim,
Daima ucalmaqdır dünyada vəslim mənim,
Bu yollarda yorulmaz bizim qanadlarımız.

Sizə bağışlayıram, dostlar, bu sözlərimi,
Kiyev dərələrindən öz əlimlə tər-təzə.
Dərilmiş, dəstələnmiş məxmər bənövşə kimi,
Bizim durnaların da səsindən salam, sizə!

 

NİZAMİ

Dante ilə Petrarkanın nəğmələri dodağında,
Dayandılar iki əsrin ayrıcında səhər-səhər.
Xalq sözündən çay yarandı İtaliya torpağında,
Yaşıllaşdı içə-içə boz səhralar, boz düzənlər.

Böyük şair Nizami də istəyirdi öz dilində
Yeni qızıl ilmələrlə toxusun hər nəğməsini.
Öz dilində haraylasın dostlarını öz elində,
Şahın əmri boğdu fəqət onun qaynar həvəsini.

Gözəl günlər, xoşbəxt günlər gəlib çatdı, güldü həyat,
Azərbaycan dahisinin arzuları açdı çiçək.
Qu quşu da baharın ilk günlərində açır qanad,
Üzür mavi sular üstə, qorxu nədir bilməyərək.