Close

Mənsur VƏKİLOV (Azərbaycan şairi)

ƏZİZ DİYARIM

Od-alov beşiyim -
          Azərbaycanım!
Bu odla, atəşlə yoğrulub mayam.
Ucalan o qaya bürcləri kimi
Mən də bu torpaqdan baş qaldırmışam.

Ruhun damarımda qan olub axır,
Dünyaya gətirdin axı, sən məni.
Qaldır
          ya yerə vur - heç fərqi yoxdur,
Didərgin salma tək özündən məni.

Sənin göylərini alsa buludlar,
İtsə ulduzların naxışı bir gün,
Yenə
          naxışların gözümdə qalar, -
İsti yaşıyla da çıxmaz gözümün.

Ya da yolum düşsə qərib bir elə,
Səndən uzaq düşsəm, uzaq, lap uzaq.
Donan dodaqlarım
          qürbətdə belə
Adın çəkilən vaxt qızınar ancaq.

Bu eşqi, ilhamı verdin sən mənə,
Əziz diyarlardan
          əzizsən mənə.
Səndə - qayaların buz qüllələri,
Səndə - muğamların zəngulələri,
Səndə - nəğmələrdən yüz rəng, yüz
           naxış...
Bir dünya
           bir qəlbə necə sığarmış!

Səndə - əyribuynuz dəli keçilər,
Qayadan-qayaya sıçrayıb keçər.
Sənsən yuvam mənim, ailəm mənim,
Səndə çalınıbdı ilk laylam mənim,
Beşiyim asılıb budaqlarından,
Su yox,
           od içmişəm bulaqlarından.

Yaşar bir ürəkdə bu məhəbbətim,
Yazın,
           ilk baharın ətri var orda.
Nə vaxt xoşa gəlsə sözüm-söhbətim,
Bilin -
           bu diyarın ətri var orda...

 

ATA

Fikirlər odunda yenə bişirsən,
Çoxalır alnında qırışlar, ata.
Mənim barəmdəmi fıkirləşirsən,
Mənə deyərsənmi,
          de, nə var, ata?

Qayğılı görəndə səni mən hər vaxt,
Gözümdə, könlümdə çözələnir qəm.
Eh, sənə əl tutmaq, köməkçi olmaq...
Çətindi,
          mən özüm başa düşürəm.

Saçına dən düşdü necə xəbərsiz,
Necə də dəyişdin,
          lap qəribədir.
Könlümdə gizlicə dolaşan bu hiss
Bilmirəm, ay ata, doğrusu, nədir.

Sən elə bilirəm incədən-incə,
Sən həm də o qədər qüvvətlisən ki!
Kömək -
           zəiflərə gərəkdi məncə.
Qüdrət sahibisən, ay ata, sən ki!

Ailə qayğısı deyilmiş asan,
Vaxt olur susursan,
           heç dinmək olmur.
Sənin köməyinə arxalanmasam,
Görürəm,
           indi də keçinmək olmur.
Görünür, elə bir hiss, duyğu var ki,
Ürəkdə yaşayır...
           başa düşmürük.

Üzdə - qonşular da şahid olar ki,
Ayda bir dəfə də heç görüşmürük.
Amma otağıma çəkilib hərdən
Şer yazdığım vaxt
          düşürsən yada.
Sənin gur səsini dinləyirəm mən,
Hələ eşidirəm addımını da.
Qalxıb gəzişdikcə mən bu otaqda
Fikrimdə dərələr, dağlar aşıram.
Ata deyən zaman
          oğlunam, ata,
Oğlumu öpəndə
          atalaşıram...